Hər səhf bir təcrübədir.

        

 

            İnsanlıq yaranandan bəri onunla birgə  sevgi, dostluq, sədaqət kimi yüksək hislər, eyni zamanda nifrət, düşmənlik, riyakarlıq, ikiüzlülük də formalaşmağa başlayıb. Bir alimin dediyi kimi bütün hislər insan ilk yarananda özünün ibtidai formasında olur. Əsasən, mənfi hislər üstünü örtüb diqqət yetirmədiyimiz zaman daha da artır. Yəni, qəlbimizdə nəyi böyüdəcəyimizə biz qərar veririk. İnsan yaradılmışların ən ucası, ən şərəfli məxluqudur. Hər şey bizim  üçündür: dostluq, sevgi, nifrət, düşmənçilik, riyakarlıq, ikiüzlülük...  Seçim  bizim əlimizdədir. Hansını seçiriksə, həyatımızı o hislər idarə edir. 

            Bu günlərdə iş yoldaşımın sayəsində elə bu önəm vermədiyimiz hislərdən birinin fərqinə yenidən varmış oldum. Həmişəki iş günlərimizdən biri  idi. İş yoldaşım hər zaman olduğu kimi qəzetləri nəzərdən keçirirdi. Birdən o, diqqətimi cəlb etdi. Əlindəki qəzetə mat-mat baxırdı. Nə olduğunu soruşdum, mənə “heç” deyə cavab verdi. Bəzən insanlar həyəcanlı və ya əsəbiykən onları sadəcə tək qoymağın lazım olduğunu düşünürəm . Belə də etdim. 

            İş yoldaşım təbiətcə çox sakit, mülayim bir qızdır. Çox zaman susqun, sakit biridir. Gözlərininin içi gülər. Amma gülərkən o gözlərdən qəfil keçən kədər kölgələrini görməmək mümkün deyil.

            Aradan bir neçə gün keçdi. Onu hələ də fikirli gördüyüm üçün, nəhayət, bu halının səbəbini soruşdum. O da danışmağa başladı:

            -Universitetin  ikinci kursunda oxuyarkən çox sevdiyimiz bir müəlliməmiz vardı. Onu o qədər sevirdik ki, dərdimizi, sevincimizi- bir sözlə, hər şeyimizi onunla bölüşürdük. Bizə məsləhətlərini, danışdığı xatirələri  həvəslə, yorulmadan  dinləyərdik. Başqa kimisə indiyə qədər  bu dərəcədə sevdiyimi, sevgidən də artıq heyran olduğumu xatırlamıram. Onu nağıllardakı qadın qəhrəmanlara bənzədirəm: kişi qeyrətli, mərd, sözünün əri. Əsl Azərbaycan qadını...

            Müəlliməmizlə birlikdə  yay tətili girmədən maraqlı bir yerə gəzintiyə getmək istəyirdik. Və hamımızın qərarı Şamaxı rəsədxanasına getmək oldu. Gəzintimiz çox maraqlı alınmışdı: gəzmişdik, əylənmişdik.

            Yeni dərs ilinin başlanğıcında həsrətlə müəlliməmizi gözləyirdik, lakin onun əvəzinə auditoriyaya başqa birinin girdiyini gördükdə çox pis olduq. Həftələr keçdi, ondan bir xəbər gəlmədi. Artıq narahat olmağa başlayırdıq. Axır ki, bizə müəlliməmizin bir  daha gəlməyəcəyi, rəhbərliyin  əmri ilə artıq bizim qrupa dərsinin olmayacağı bildirildi. Səbəb isə gülünc idi: bizi gəzintiyə aparması.  Çox düşündük: axı gəzintimiz çox gizli idi, görəsən, haradan xəbər tutmuşdular? Günlərlə fikirli gəzdik. Rəhbərliyə qarşı apardığımız bir həftəlik mübarizədən sonra müəlliməmiz yenidən dərslərimizə girməyə başladı. Bu, həyatda- cəmiyyətin qanunları qarşısında qazandımız ilk uğur oldu.  Həm də elə bir uğur idi ki, ilk dəfə nəyisə bacarmışdıq və bu, bizim üçün çox əhəmiyyətli idi.  Lakin biz yenə də gəzintimiz barədə rəhbərliyə kimin xəbər çatdırdığını bilmək istəyirdik. Nəhayət, öyrəndik.                                                                                                                                                                                                                                                                                                                                                                                            Sən demə, bizdən rəhbərliyə xəbər çatdıran digər müəlliməmiz idi. Ondan kimsə şübhələnməmişdi, çünki ona olan hörmətimiz, sevgimiz heç də digərlərindən fərqli deyildi. Gənc idi, həvəsli idi. Bizə hər zaman dəstək olardı. Ya da biz elə fikirləşirdik. Çünki görünən insan fərqli idi, bizim gördüyümüz başqa biri idi.

            Bəzi inciklikləri dilə gətirməyə belə cəsarət etməzsiniz, zamanın öhdəsinə buraxarsınız  hər şeyi. Zaman keçsə belə əvvəlki münasibətlərimizi bərpa edə bilmədik. Universiteti bitirərkən vidalaşdığımız zaman özünümüdafiə üçün dediyi “Siz hələ çox gəncsiniz, məni başa düşməzsiniz. Əlbəttə, bir gün  gələcək, məni anlayacaqsınız” sözləri heç bir zaman yadımdan çıxmır.

            Mən hələ də qəzetin bu xatirə ilə nə əlaqəsi olduğunu, yəni söhbətin necə bitəcəyini gözləyirdim. İş yoldaşım söhbətini bitirib üzümə baxdı və davam etdi:

            - Bu dünyada nə əkərsən, onu da biçərsən. Buna heç bir zaman bu qədər inanmamışdım. Müəlliməm  haqsızlığa məruz qaldığı universitetə  rektor təyin edilib. Yaman günə səbir edən yaxşı günə tez çatar. 

            Ona belə bir sual verdim:

            -Bəs sən müəllimənizin dediyi kimi ikiüzlülük edəcək vəziyyətə düşmüsənmi?

            O gülümsədi  və susdu...

Anara Əfəndiyeva

1421 dəfə oxundu







Cavan hər nə etsə də ayıb tutulmaz ona,
Min bir ayıb tutular qocalıqda insana.

Nizami Gəncəvi

Səs ver

Saytımızda daha çox necə yazılar görmək istərdiniz?